Yüz ildən artıq tarixi olan Azərbaycan elektrik energetikasının vüsətli inkişaf dövrü 1970-ci ildən başlanmışdır.
Azərbaycanda 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təshizatınin müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan “Araz” su elektrik stansiyası inşa edilmişdir.
İnkişafda olan Sumqayıt sənaye rayonunun artan istilik və elekrtik tələbatını ödəmək üçün “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün artırılması planlaşdırılmış və 1972-ci ildə sonuncu-dördüncü turbin generatoru işə salınmışdır. Beləliklə stansiyanın gücü 220 MVt-ya çatdırıldı. Bu da sənaye rayonunun elektrik təchizatının yaxşılaşdırılmasına imkan verdi.
Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölkənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyasının istifadəyə verilmişdi. Hal-hazırda bu obyekt Ermənistanın müvəqqəti işğalı altında olan ərazidədir.
Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 mlrd. kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və indiki Azərbaycan İES-in inşasına başlamaq qərara alınmışdır.